9032
12 Dekabr 2014
Prostat kistası
Prostat kistası

Prostat vəzi kistası - prostatda kista - prostat kistasi - prostat kistasının müalicəsi -prostat kista

Prostat kistası prostat vəzi toxumasında maye ilə dolu və divar və möhtəviyyatı olan patoloji boşluqdur. Prostat vəzi kistasına kişilərin 8-20%-də rast gəlinir. Ümumilikdə isə prostatın müalicəsi bu törəmənin yaranmasına gətirib çıxaran səbəblərə əsaslanmaqla aparılır.

Prostat vəzi kistasının növləri və yaranma səbəbləri

Yaranma səbəblərinə görə aşağıdakılar bir-birindən fərqləndirilir:

  1. Yalançı kistalar. Onlar prostat vəzi axarının sıxılması və ya arasının kəsilməsi zamanı yaranır. Nəticədə prostat vəzinin payı genişlənir və maye ilə dolur.
  2. Həqiqi kistalar - Bu kistaların yaranması prostat axarlarının bağlanması ilə əlaqədar olmayıb əksər hallarda prostat vəzi xəstəliklərində (prostatit, şişlər və s.) yaranır.

Yaranma xarakterinə görə:

  1. Anadangəlmə prostat kistası Müller kanallarının inkişafındakı qüsurlar nəticəsində yaranır və istənilən yaşda aşkar oluna bilir. Prostat vəzi kistalarının bütün növlərinə nisbətdə anadangəlmə prostat kistasının payına 8% düşür.
  2. Qazanılmış (retensiya) prostat kistası prostat vəzi kistalarının növləri arasında ən çox rast gəlinən xəstəlik olmaqla çox vaxt yaşlı şəxslərdə qeydə alınır. Bu, prostatın axarının sıxılması və ya çox xırda daşla, şişlə və ya çapıqla arasının kəsilməsi üzündən baş verir. Axarda yığılan sekret tədricən onu dartır və yapışqan boz-sarı, bəzən də rəngsiz maddə ilə dolu olan kista yaradır. Həmin kista çox vaxt tək olur və onun ölçüləri 2-3 sm-dən çox olmur. Lakin təbabətdə olduqca böyük ölçüdə və daxilində 1 litrdən çox maye olan kistaya da rast gəlinir. Infeksiya düşdükdə, irinləmə və abses yarana bilər. Böyük ölçülü kistalar prostat toxumalarının atrofiyasına və sklerozuna gətirib çıxara bilir.

Kistanı necə müəyyən etməli?

Prostat vəzində kistoz törəmələrin yaranması çox vaxt müəyyən sipmtomlarla müşayiət olunur. Kista balaca ölçüdə olduqda, toxumaları çox sıxmır və sipmtomlar da çox ifadəli olmur və ya ümumiyyətlə simptomlar qeydə alınmır.

Prostat kistası zamanı ən tez-tez rast gəlinən simptomlara aiddir:

  • Tez-tez və ağrılı sidik ifrazı
  • Urogenital nayihədə, kürəyin aşağı hissəsində, düz bağırsaq zonasında müxtəlif intensivli ağrılar
  • Erkən və ağrılı boşalma
  • Cinsi zəiflik
  • Bədən temperaturunun yüksək olması

Diaqnostika

Yalnız subyektiv şikayətlərə görə diaqnozu təyin etmək mümkün deyil. Bunun üçün aşağıdakı spesifik diaqnostika metodlarından istifadə etmək tələb olunur:

  1. USM. Prostatitin USM vəzin quruluşu, habelə onda kistanın olub-olmaması, onun ölçüləri, yerləşməsi və strukturu haqqında mühüm informasiya verir. Müəyyən hallarda, prosedurla bağlı müəyyən diskomforta baxmayaraq, transrektal USM və barmaqla müayinə metodları da istifadə olunur. 
  2. Qanın, spermanın, sidiyin və prostat vəz şirəsinin laborator müayinəsi
  3. Kistanın möhtəviyyatının punksiyası və müayinəsi

Prostat kistasının müalicəsi

  1. Müşahidə. Kista əlamətlər  olamadan təsadüfən aşkar edilərsə və onun ölçüləri 2 mm-dən çox deyildirsə, bu halda müalicə kista üzərində nəzarət və onun ölçülərinin diaqnostikasından ibarət olur.
  2. Dərman preparatlarının təyin edilməsi. Preparatlar kistanın yaranmasına gətirib çıxaran səbəblərdən asılı olaraq təyin edilir, yəni preparatların köməyi ilə kistanın özü yox, onun yaranmasına səbəb olan amil müalicə olunur.
  3. Punksiya. Kista böyük ölçüdə olduqda və sidik ifrazı pozulduqda, kistanın punksiyası edilir.
  4. Sklerozlaşdırma. Kistanın boşluğuna kistanın sklerozlaşmasına (yapışmasına) səbəb olan preparat yeritməklə həyata keçirilir.
  5. Cərrahi müdaxilə. Kista böyük ölçüdə olduqda və ya irinləməyə başladıqda, onu cərrahi yolla yarırlar.

Prostat vəzi kistasının profilaktikası

Prostatda kistoz törəmələrin yaranmasının qarşısını almaq üçün aşağıdakı sadə qaydalara əməl etmək lazımdir:

  • Sidik kisəsi dolu olarkən ağırlıq qaldırmamalı
  • Soyuqdan qorunmalı
  • Sidik kisəsini vaxtına boşaltmalı
  • Mümkün qədər alkoqol və kofedən istifadə etməməli
  • Urogenital nayihədə hər hansı simptom olduqda, vaxtında müayinədən keçməli
  • Cinsi yolla keçən infeksiyaları vaxtında müalicə etməli
  • Mütəmadi olaraq cinsiyyət sistemi yoxlanmalı (müayinələr edilməlı), xüsusən də prostat vəzinin USM-i edilməlidir.

Bu sadə qaydalara əməl etməklə prostat kistasının yaranma ehtimalını, habelə müalicə almaq zərurətini azaltmaq olar. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda