110993
28 Dekabr 2011
Cinsi yolla keçən xəstəliklər
Cinsi yolla keçən xəstəliklər

Cinsi infeksiyalar çox geniş yayılmışdır. Ekspertlərin hesablamalarına görə, yer kürəsində hər altı sakindən biri, nə vaxtsa cinsi yolla ötürülən hansısa bir xəstəliklə yoluxub. Azərbaycanda son illər cinsi yolla keçən xəstəliklərin sayı durmadan artır. Buna bir neçə faktor səbəb olur - cinsi partnyorların tez - tez dəyişilməsi, prezervativ istifadə etmədən cinsi əlaqələr, fahişəlik.

Çox təəssüf ki, Azərbaycanda cinsi həyatın başlandığı andan müntəzəm şəkildə ginekoloqa gedən qadınlardan fərqli olaraq kişilər yalnız cinsiyyət sisteminin xəstəliklərinin hər hansı bir simptomu meydana çıxdığı zaman həkimə müraciət edirlər. Nəzərə alsaq ki, cinsi infeksiyalar simptom olmadan da keçə bilər, xroniki xəstəliklərlə qarşılaşmalı oluruq, onlar da öz növbəsində sonsuzluğacinsi zəifliyə gətirib çıxarır. Bu çətinliklərə baxmayaraq, öz orqanizmini cinsi yolla keçən infeksiyalardan qorunmağa imkan verən effektiv üsullar mövcuddur :

1. Yüksək yoluxma riski olan insanlarla (fahişələr, narkomanlar) cinsi əlaqələrdən çəkinin.

2. Cinsi əlaqədən əvvəl əmin olun ki, sizin partnyorunuzda zöhrəvi xəstəliklərin zahiri əlamətləri yoxdur ( cinsiyyət orqanlarında səpgi, şübhəli ifrazat və s.). Lakin xəstəlik simptomlarının olmaması partnyorun sağlam olmasına dəlalət etmir, çünki bir çox cinsi infeksiyalar simptom olmadan da keçə bilir.

3. Cinsi yolla keçən bütün infeksiyalar həmçinin oral və anal cinsi əlaqə zamanı da ötürülürlər. Oral cinsi əlaqə zamanı yoluxma riski vaginal və ya anal cinsi əlaqədə olduğundan daha aşağıdır, lakin bu halda riski tam olaraq istisna etmək olmaz.

4. Prezervativdən istifadə edin, onu bilavasitə cinsi aktdan əvvəl taxmaq lazımdır. Buna baxmayaraq, cinsi yolla ötürülən xəstəliklərdən 100 % müdafiə mövcud deyil. Ondan istifadə edərkən, siz yoluxma imkanını azaldırsınız, onu tam olaraq istisna etmirsiniz.

5. Dərhal cinsi əlaqədən sonra : antibakterial sabun və ya antiseptik məhlul ilə (miramistin, xlorqeksidin) bütün qasıq nahiyyəsini yuyun (fikir verin - bütün nahiyəni, tək cinsiyyət orqanını deyil). Prezervativdən istifadə etdiyiniz halda belə əlaqədən sonra mütləq sidiyə gedin - bu cinsi infeksiyalar ilə yoluxma riskini azaldacaqdır.

6. "Özünü diaqnostika və özünü müalicə" ilə məşğul olmayın. Yadda saxlayın - dəqiq diaqnozu yalnız mütəxəssis təyin edə bilər. Hər bir insanın öz immuniteti, öz xüsusiyyətləri var, buna görə də cinsi yolla keçən infeksiyaların müalicəsi üçün vahid sxem və preparat da yoxdur.

 

 

7. Çox zaman cinsi infeksiyalar(mikroblar) ilə yoluxmadan sonra ümumiyyətlə heç bir şikayət olmur və ya onlar zəif ifadə olunurlar. Buna görə də hər təsadüfi əlaqədən sonra cinsi infeksiyaların olub - olmamasına müayinə olunmaq vacibdir. Bununla siz öz daimi cinsi partnyorlarınızı ciddi problemlərdən qoruyursunuz və dogmalarınızın sağlamlığının qeydinə qalırsınız.

8. Ciddi şəkildə cinsi partnyor ilə birgə müalicə almaq lazımdır ki, ondan təkrar yoluxma olmasın (hətta partnyorunuzu heç nə narahat etməsə belə).

9. Heç bir halda özgənin paltarlarından, eləcə də özgənin dəsmallarından, hamam lifindən və digər şəxsi gigiyena vasitələrindən istifadə etməyin.

10. İctimai tualetdən necə istifadə etmənizə diqqət yetirin - sizin böyük əksəriyyətiniz qapını açır, tualetə girir və dərhal da kabinaya və ya pissuara gedir. Əlavə olaraq, sidiyə gedən zamanı siz cinsi orqanınızı bundan əvvəl qapını açdığınız əlinizlə tutursunuz. Sizdən qabaq bu qapını minlərlə insan açmışdır. Necə fikirləşirsiniz, bu minlərdən bir neçə insanın zöhrəvi xəstəliklərdən əziyyət çəkmə ehtimalı nə qədərdir və infeksiyanın ötürülmə ehtimalı nə qədərdir ? Kişinin infeksiyadan qaçınmaq üçün riayət etməli olduğu iki qayda var :

• Cinsiyyət orqanınızı tutacağınız əlinizlə tualetin qapısını açmayın. Bunu tualetdə hətta əl - üz yuyan olduqda belə yerinə yetirmək lazımdır, axı ola bilər ki, o, sınmışdır.

• Əgər əl - üz yuyan varsa, ondan əllərinizi yalnız sidiyə gedəndən sonra deyil, həm də əvvəl yuyun.

Asan qaydalara riayət edərək, cinsi infeksiyalar ilə yoluxma riskini azaltmaq və özünüzü və öz yaxınlarınızı ciddi problemlərdən qoruya bilərsiniz. Yadda saxlayın ki, cinsi infeksiyalar sonsuzluğa və cinsi zəiflik probleminə gətirib çıxara bilər.

Cinsi yolla keçən xəstəliklərin müalicəsi

Həkimə müraciət etməni uzatmayın. Bu çox sadədir : həkimə getmək, analizlərin yerinə yetirilməsi və nəticə - şəxsi sağlamlığın uzun illər boyunca saxlanılması. Öz sağlamlığınıza daha düzgün münasibət bəsləyin və onun qeydinə qalın. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda