76492
20 Dekabr 2013
Hamiləlik vaxtı cinsi münasibətlər
Hamiləlik vaxtı cinsi münasibətlər

Hamiləlik hər bir ailənin həyatında ən mühüm və əlamətdar dövrlərdən biridir.  Cinsi həyat kimi incə və həssas sferada da əsaslı dəyişikliklər baş verir. Əvvəllər Azərbaycanda belə bir fikir hökm sürürdü ki, fəal cinsi həyat  hamiləliyin yarımçıq kəsilməsinə gətirə və ya dölə zərər yetirə bilər. Lakin elmi araşdırmalar göstərir ki, xüsusi tibbi əksgöstərişlər olmadıqda,   uşaq gözləməkdə olan cütlükdə  seksual münasibətlər nəinki zərər vurmur,  hətta, əksinə, ər-arvad arasında inamın yaranmasına, ailədə müsbət atmosferin formalaşmasına  səbəb olur. Lakin ailənin adi cinsi həyatından fərqli olaraq,  hamiləlik vaxtı  cinsi həyatın bəzi  xüsusiyyətləri var.

Hamiləlik vaxtı cinsi münasibətlər

Əgər hamiləliyə  üç trimestrə (3 aya) bölərək nəzər salsaq, onda  əksər qadınlara xas olan qanunauyğunluqları üzə çıxarmaq olar -  ilk 3 ay seksə maraq azalır,  növbəti 3 ay – artır, sonuncu 3 ay – yenədə azalır.

Hamiləliyin  birinci trimestrində(3 ay) cinsi münasibətlər

Birinci trimestrdə,  bir qayda olaraq,  seksual fəallıq bir qədər azalır. Bu çətin bir missiyaya – sağlam uşaq yetişdirməyə hazırlaşan  orqanizmdə baş verən  dəyişikliklərlə bağlıdır. Bu arada   həm toksikozun  (o, güclü olarsa), həm də  psixoloji amilin (körpəsinə zərər yetirməkdən qorxan qadın şüurlu şəkildə özündə seksual instinkti boğur)  da əhəmiyyəti az olmur. Yadda saxlamaq lazımdır ki,  birinci trimestrdə hamiləlik  çox həssas keçir. 4-cü, 8-ci və 12-ci həftə, yəni hamiləlikdən kənar menstrual qanaxmalarla üst-üstə düşməli olan dövr daha təhlükəlidir. Birdə uşağın düşməsi ehtimalı, əvvəlki hamiləliyin  yarımçıq kəsildiyi dövrlərdə artır. Həmin günlər seksual kontaktları istisna etmək tövsiyə olunur. Lakin  intim münasibətləri tamamilə  istisna etmək lazım deyil –  erkən dövrlərdə mütəmadi seks  körpəyə nəinki zərər yetirmir,  hətta cinsi əlaqədən   irəli gələn pozitiv hisslərədə səbəb olur.

Hamiləliyin  ikinci  trimestrində(3 ay) cinsi münasibətlər

İkinci  trimestr  yüngülləşmə trimestridir.  Qorxu yavaş-yavaş  gələcək ananı tərk edir, qadın özünü yaxşı hiss edir və onun beynində hətta  hamiləlik dövründə seksin mümkünlüyü haqqında fikirlər  yaranır.  Hamiləliyin 18-20 həftəsindən sonra  ana artıq böyümüş qarnında dölün tərpəndiyini hiss edir ki, bu da ona  uşağın vəziyyətinin normal olduğunu göstərməklə  daha da onu  sakitləşdirir.  Buna görə də ikinci  trimestrdə əksər ailələrdə  "hamiləlik seksi" dövrü başlayır. Bu dövr, bal ayı kimi, ən əlamətdar  dövrlərdən biri olur. Tibbi göstərişlərə görə, sekslə məhz ikinci trimestrdə məşğul olmaq daha məsləhətdir – bu dövrdə döl artıq uşaqlıqda möhkəmlənmiş olur.

Hamiləliyin  üçüncü  trimestrində(3 ay) cinsi münasibətlər

Üçüncü  trimestr – eniş trimestridir. Bunun səbəbləri çoxdur. Birincisi, qadının  qarnı artıq   kifayət qədər böyük olur və bu əri ilə əlaqəsini çətinləşdirir; ikincisi, seks zamanı ağrı ehtimalı da artır. Üçüncüsü,  qadın uşağın taleyinə   və yaxınlaşmaqda olan doğuşa görə narahat olur və   buna görə də onu yenidən qorxu basır. Üçüncü  trimestrdə  seksual əlaqələrdə gələcək anaya görə  bir qədər ehtiyatlı olmaq lazımdır.  Bilavasitə doğuşdan əvvəl   olan cinsi əlaqə  doğuş ağrılarına səbəb ola bilər, buna görə də doğuşa 3-4 həftə qalmış intim əlaqədən imtina etmək  yaxşı olar.

Hamiləlik vaxtı cinsi əlaqə üçün hansısa tibbi əks göstəriş varmı?

Tibbi baxımdan məhdudiyyətlər haqqında aşağıdakı hallarda söyləmək olar:

1. Hamiləliyin yarmçıq kəsilmə təhlükəsi olduqda;

2. Uşaq salma təhlükəsi olduqda ya  da əvvəlki hamiləlikdə  uşaq salma  halları olduqda;

3. Erkən doğuş (anamnezdə) olduqda;

4. Döl ətrafında olan  mayenin axması (infeksiya riskinin yüksək olması);

5. Ciftin  aşağıda yerləşməsi;

6. Çoxdöllü hamiləlik;

7. Qanlı ifrazatlar  (mütləq həkimlə məsləhətləşmək lazımdır,  çünki bu,  eroziyalayaşmış uşaqlıq boynundan   qanlı ifrazatlar  ola bilər);

8. Partnyorlardan birində infekskiya əlamətləri olduqda (hər iki partnyor  infeksiyanın olub-olmamasına yoxlanmalı  və infeksiya olduqda,  onu hələ hamiləlik başlamazdan öncə müalicə etmək lazımdır).

Bundan başqa,  məhdudiyyətlər hamiləlik başlamadığı  təqdirdə,  menstruasiyanın başlamalı olduğu günlərə də aiddir. Bu zaman uşaq salma riski bir qədər artır, çünki qadının orqanizmi  uşaqlığın tsiklik dəyişmələrinə və boşalmalarına  adət etmişdir. Gələcək ana oz duyğularına diqqətli olmalıdır: cinsi aktdan sonra ağrı hisslərinin,  qanlı ifrazatların yaranması həkimə müraciət etməyi və cinsi həyatın mümkünlüyü, onun aktivlik dərəcəsi, məhdudlaşdırma müddəti  və s. ilə əlaqədar məsləhətləşməyi  tələb edir.

Hamiləlik vaxtı cinsi münasibətlər gələcək uşağa ziyan vururmu?

Yox, uşaq  qalın uşaqlıq divarları, amniostik köpüklə   (döl ətrafında olan maye) və  uşaqlıq boynunu demək olar ki, tamamilə bağlayan  selikli qişa ilə  müdafiə olunur.  Əksinə,  cinsi əlaqə zamanı qan dövranı güclənir, nəticədə uşaq  cift vasitəsilə daha çox oksigen  və qida maddələri alır.

Hamiləlik vaxtı cinsi əlaqə üçün hansı pozalar yararlıdır?

Hamiləlik vaxtı hər iki partnyor üçün rahat olan pozaları seçmək yaxşı olar. Poza rahat olmalı və  gələcək ananın qarnına həddindən artıq təzyiq etməməlidir. Buna görə də ənənəvi "missioner" pozası (qadın kürəyi üstündə, kişi isə üstdə)  və hamilə qadının qarnı üstə pozası optimal hesab olunmur.  Bu dövrdə seks üçün ən  yararlı poza – qadın və kişinin yan üstə(на боку – rus.) olmasıdır. Kişi bu zaman arxada olur. Amma bu mütləq deyil, cütlük hər iki partnyor üçün əlverişli olan pozanı seçə bilər.

Doğuşdan sonra cinsi münasibətlər

Doğuş problemsiz,  cərrahiyyə müdaxiləsi,  aralığın  cırılması olmadan  keçdikdə,   seksual sakitlik 6-8 həftə davam etməlidir. Bəzi cütlüklər bu müddəti gözləyə bilmir. Bununla əlaqədar ən azı qan ifrazatı dayananadək gözləmək məsləhətdir. Adətən ifrazat 2-4 həftə davam edir.

Yekun

Hamiləlik – ər-arvadın həyatında xüsusi dövrdür. Arzu olunan uşağın gözlənməsi   birgə həyatınızda ən xoşbəxt anlardandır.  Ər-arvadın bir-birinə məhəbbəti, diqqəti, bir-birini qarşılıqlı  anlaması isə  nəinki intim sferadakı münasibətləri möhkəmləndirər, həm də bu dövrü yeni, uzun bir "bal" dövrünə çevirə bilər. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda